
AZEM 60mg
AZEM tabletlər
AZEM
Beynəlxalq patentləşdirilməmiş adı: Diltiazem
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 60 mq diltiazem hidroxlorid var.
Köməkçi maddələr: laktoza monohidrat, polietilenqlikol, hidrogenləşdirilmiş bitki yağı,
hidroksipropilmetilsellüloza, maqnezium stearat.
Təsviri
Ağ rəngli, yuvarlaq və hər iki tərəfdən qabarıq, hamar səthə malik qoxusuz tabletlərdir.
Farmakoterapevtik qrupu
Kalsium kanal blokatoru.
ATC kodu:C08DB01.
Farmakoloji xüsusuiyyətləri
Farmakodinamikası
Kalsium kanallarının selektiv blokatoru, benzodiazepinin törəməsidir. Antianginal, hipotenziv və antiaritmik təsirlər göstərir. Miokardın yığılma qabiliyyətini azaldır, AV keçiriciliyi ləngidir, ürək yığılmalarının tezliyini azaldır, miokardın oksigenə olan tələbatını azaldır, koronar arteriyaları genişləndirir, koronar qan dövranını yaxşılaşdırır. Periferik arteriyaların saya əzələlərinin tonusunu və ümumi periferik damar müqavimətinin tonusunu azaldır.
Kardiomiositlərdə və qan damarlarının saya əzələ hüceyrələrində kalsium ionlarının hüceyrədaxili miqdarını azaldır, ürək yığılmalarının tezliyini azaldır, az dərəcədə mənfi inotrop təsir göstərə bilər, həmçinin, koronar, beyin və böyrək qan dövranlarını yaxşılaşdırır. Mənfi inotrop təsiri olmayan konsentrasiyalarda koronar damarların saya əzələlərinin tonusunun azalmasına, həmçinin böyük və kiçik arteriyaların genişlənməsinə səbəb olur.
Antianginal təsir
Ümumi periferik damar müqavimətinin, sistemli qan təzyiqinin (artıq yüklənməsi) və miokardın tonusunun azalması və sol mədəciyin diastola dövrünün artması nəticəsində miokardın qan təchizatı yaxşılaşır və onun oksigenə olan tələbatı azalır.
Antiaritmik təsir ürək toxumalarında kalsium ionlarının daşınmasının dayanması ilə bağlıdır. Bu isə effektiv refrakter dövrün uzanmasına və atrioventrikulyar düyündə (AV) keçiriciliyin ləngiməsinə səbəb olur (“Sinus düyününün zəifliyi sindromu” olan pasiyentlərdə, yaşlı insanlarda kalsium kanalının blokadası sinus düyünündə impulsun generasiyasına mane ola bilər və sinoatrial blokada ilə nəticələnə bilər).
Hipotenziv təsir rezistiv damarların genişlənməsi və ümumi periferik damar müqavimətinin azalması ilə əlaqədardır. Qan təzyiqinin azalma dərəcəsi onun ilkin səviyyəsi ilə əlaqələndirilir (qan təzyiqinin normal diapazonda dəyişməsi zamanı qan təzyiqinə təsiri minimal olur). Qan təzyiqini həm üfüqi, həm də şaquli vəziyyətdə azaldır. Nadir hallarda postural arterial hipotenziya və reflektor taxikardiyaya səbəb olur. Artıq yüklənmə zamanı maksimal ürək yığılmalarının tezliyini dəyişmir və ya bir qədər azaldır. Uzunmüddətli terapiya hiperkatexolaminemiya yaratmır, renin-angiotenzin sisteminin aktivliyini artırmır. Angiotenzin II-nin böyrək və periferik effektlərini azaldır. Arterial hipertenziya, ÜİX, hipertrofik obstruktiv kardiomiopatiya zamanı miokardın diastolik boşalmasına səbəb olur, trombositlərin aqreqasiyasını azaldır.
Arterial hipertenziyası olan pasiyentlərdə sol mədəciyin hipertrofiyasının reqressiyasına səbəb ola bilər.
Farmakokinetikası
Absorbsiyası
Diltiazem mədə-bağırsaq traktından yaxşı sorulur və təxminən 40% biomənimsənilməsi təmin edən intensiv ilk keçid effektinə məruz qalır.
Paylanması
Diltiazem plazma zülalları ilə 70-80% birləşir. Rəqabətli in vitro liqand bağlama tədqiqatları göstərmişdir ki, diqoksinin, hidroxlortiazidin, fenilbutazonun, propranololun, salisilik turşunun və ya varfarinin müalicəvi konsentrasiyaları zamanı diltiazem hidroxloridin birləşməsi dəyişmir.
Biotransformasiyası
Diltiazem intensiv metabolizmə məruz qaldığı üçün əsasən metabolitlər şəklində ödlə və sidiklə xaric olur, təxminən 2-4%-i sidikdə dəyişilməmiş şəkildə xaric olur. Qaraciyər mikrosomal fermentlərini induksiya edən və ya inhibə edən dərmanlar diltiazemin dispozisiyasını dəyişdirə bilər. Metabolitlərdən biri olan dezasetildiltiazem dəyişməmiş maddənin aktivliyinin 25-50%-nə malikdir.
Eliminasiyası
Diltiazemin tək və ya çoxsaylı qəbulundan sonra plazmadan yarımxaricolma müddəti (T½) təxminən 3-4,5 saatdır. Plazmada diltiazemin minimum terapevtik konsentrasiyası 50-200 mq/ml təşkil edir. Qaraciyər funksiyası normal olan insanlar və sirrozlu xəstələr üzərində aparılan müqayisəli araşdırmada qaraciyər sirrozu olan pasiyentlərdə diltiazemin yarımxaricolma müddəti uzanmışdır, qaraciyər çatışmazlığı olan pasiyentlərdə isə biomənimsənilməsi 69% artmışdır. Diltiazem dializ zamanı zəif xaric olur.
İstifadəsinə göstərişlər
• Stenokardiyanın müalicəsi və profilaktikası;
• Yüngül və orta dərəcəli hipertenziyanın müalicəsi;
Yaşlı pasiyentlərdə və ya böyrək və ya qaraciyər çatışmazlığı olan insanlarda dozanın azaldılması tələb oluna bilər.
Əks göstərişlər
• Diltiazem hidroxloridə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
• “Sinus düyününün zəifliyi” sindromu;
• II və III dərəcəli AV blokada (işlək kardiostimulyatoru olan pasiyentlər istisna olmaqla);
• Ağır bradikardiya (ürək döyüntülərinin sayı dəqiqədə 50-dən az olduqda);
• Ağciyər durğunluğu ilə sol mədəcik çatışmazlığı;
• Kardiogen şok;
• WPW və Lown-Ganoga-Levin sindromu zamanı səyirici aritmiya;
• Arterial hipotenziya;
• II B və III dərəcəli xroniki ürək çatışmazlığı;
• Kəskin ürək çatışmazlığı. Kəskin miokard infarktı və ağciyər durğunluğu;
• Hemodinamik əhəmiyyətli aortal stenoz;
• Qaraciyər və böyrəklərin funksiyalarının pozulması;
• Hamiləlik və laktasiya dövrləri, reproduktiv yaşda olan qadınlar;
• Dantrolen infuziyası ilə eyni vaxtda istifadə;
• Porfiriya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
I dərəcəli AV blokadasında, mədəcikdaxili keçiricilik pozğunluqlarında, arterial hipotenziyaya meyilli pasiyentlərdə, xroniki ürək çatışmazlığında, sol mədəciyin çatışmazlığı ilə olan miokard infarktında, QRS kompleksinin genişlənməsi ilə olan mədəcik taxikardiyasında, qaraciyər çatışmazlığında, böyrək çatışmazlığında, yaşlı pasiyentlərdə, uşaqlarda (effektivliyi və təhlükəsizliyi öyrənilməmişdir) ehtiyatla
istifadə edilməlidir.
Ürək keçiriciliyi
Diltiazem sinus düyününün bərpa müddətini əhəmiyyətli dərəcədə uzatmadan AV düyünün refrakter dövrlərini uzadır, sinus düyününün zəifliyi sindromu olan pasiyentlər istisna olmaqla. Bu təsir nadir hallarda ürək döyüntüləri tezliyinin anormal dərəcədə azalması (xüsusilə, sinus düyününün zəifliyi sindromu olan pasiyentlərdə) və ya ikinci və ya üçüncü dərəcəli AV blokadası ilə nəticələnə bilər (hər 3290 pasiyentin 13-də və ya 0,40%). Diltiazemin beta-blokatorlarla və ya digitalis tərkibli preparatlarla birlikdə istifadəsi ürək keçiriciliyinə additiv təsir göstərə bilər. Prinzmetal stenokardiyası olan pasiyentdə 60 mq diltiazemin birdəfəlik qəbulundan sonra 2 saniyədən 5 saniyəyə qədər davam edən asistoliya halları müşahidə olunmuşdur.
Xroniki ürək çatışmazlığı
Mədəciklərin funksiyaları normal olan insanlar üzərində aparılan hemodinamik tədqiqatlarda diltiazemin ürək indeksini azaltmadığı, həmçinin, ürəyin yığılma qabiliyyətinə ardıcıl mənfi təsir etmədiyi göstərilmişdir.
Mədəciklərin funksiyaları pozulmuş (atılma fraksiyası 24% ± 6%) pasiyentlərdə peroral diltiazemin qəbulu yığılma funksiyasını (dp/dt) əhəmiyyətli dərəcədə azaltmadan mədəciklərin funksional göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. Artıq mədəciklərin funksiyaları pozulmuş pasiyentlərdə durğun ürək çatışmazlığının ağırlaşması halları müşahidə olunmuşdur. Mədəciklərin funksiyaları pozulmuş pasiyentlərdə diltiazeminin β-adrenoblokatorlarla kombinasiyada tətbiqi haqqında məlumatlar məhduddur. Bu kombinasiyanı istifadə edərkən ehtiyatlı olmaq lazımdır.
Hipotoniya
Diltiazemin tətbiqi ilə bağlı arterial təzyiqin azalması bəzən simptomatik hipotenziyaya səbəb ola bilər.
Qaraciyərin kəskin zədələnməsi
Klinik tədqiqatda qələvi fosfatazanın və bilirubinin olan və olmayan yüksəlişləri ilə bərabər transaminazaların orta dərəcədə yüksəlməsi baş vermişdir. Belə yüksəlişlər adətən keçici xarakter daşıyırdı və əksər hallarda diltiazem ilə davamlı müalicə zamanı belə keçirdi. Nadir hallarda, kəskin qaraciyər zədələnməsinə xarakterik olan əlamətlərdən qələvi fosfataza, LDH, SGOT (AST) ve SGPT (ALT) kimi fermentlərin səviyyəsinin əhəmiyyətli dərəcədə artması və s. müşahidə olunmuşdur. Bu reaksiyalar adətən müalicəyə başladıqdan az sonra (1 həftədən 8 həftəyə qədər olan müddətdə) baş verir və dərmanın qəbulunu dayandırdıqdan sonra keçmişdir. Bunun diltiazem ilə əlaqəsi bəzi hallarda aydın olmasa belə, bəzilərində mümkündür.
Diltiazemin vena daxilinə yalnız təcili yardım məqsədilə yeridilir, lakin zərurət olarsa, vena daxili tətbiqi bir neçə gün ərzində davam edə bilər.
Diltiazem qəbulunun qəfil kəsilməsi stenokardiya tutmalarının inkişafına səbəb ola bilər.
Qaraciyər və/və ya böyrək funksiyaları pozulmuş pasiyentlərdə və yaşlılarda doza rejiminin tənzimlənməsi (dozanın azaldılması) tələb olunur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər pasiyent diltiazemlə yanaşı ürəyin yığılmasına və ya keçiriciliyinə təsir edən digər dərman preparatları da qəbul edirsə, mümkün əlavə təsirləri nəzərə alaraq, preparat ehtiyatla tətbiq olunmalı və diqqətlə titrləmə aparılmalıdır. Farmakoloji tədqiqatlar göstərir ki, diltiazem β-blokatorlar və ya digitalis preparatları ilə eyni vaxtda istifadə edilərsə, AV keçiriciliyinin uzanması kimi əlavə təsirlər müşahidə oluna bilər.
Diltiazem P4503A4 sitoxrom ferment sisteminin həm substratı, həm də inhibitorudur. Bu ferment sisteminin spesifik substratları, inhibitorları və ya induktorları olan digər dərmanlar diltiazemin effektivliyinə və əlavə təsirlərinin profilinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. CYP450 substratı olan digər dərmanların qəbulu zamanı, qanda optimal terapevtik səviyyəni saxlamaq üçün eyni vaxtda istifadə olunan diltiazemin qəbulunu dayandırmaq və ya müalicənin əvvəlində dozanın tənzimlənməsi tələb oluna bilər, xüsusilə böyrək və/və ya qaraciyər çatışmazlığı olan pasiyentlərdə.
Dantrolen infuziyasının kalsium kanal blokatoru ilə kombinasiyası təhlükəlidir, bu səbəbdən onun diltiazemlə eyni vaxtda istifadəsi əks göstərişdir.
β-Blokatorlar
5 sağlam könüllüdə diltiazemin propranolol ilə eyni vaxtda istifadəsi bütün subyektlərdə propranololun səviyyəsinin və biomənimsənilməsinin təxminən 50% artması ilə nəticələnmişdir. Görünür ki, in vitro, propranolol diltiazemlə birləşmə yerindən sıxışdırılıb çıxarılır. Əgər kombinəolunmuş müalicə başlayarsa, propranololun dozasının tənzimlənməsi tələb oluna bilər.
Simetidin
6 sağlam könüllüdə aparılan bir araşdırmada simetidin gündə 1200 mq və diltiazem 60 mq tək doza olmaqla 1 həftəlik müalicə kursundan sonra diltiazemin pik plazma səviyyələrində (58%) və əyri altındakı sahədə (53%) əhəmiyyətli artım olduğu göstərilmişdir. Ranitidin daha kiçik, əhəmiyyətsiz bir artım etmişdir. Təsiri simetidin vasitəsilə həyata keçirilə bilər. Diltiazemin effekti onun ilk keçid metabolizminə cavabdeh olan qaraciyərin sitoxrom P450 ferment sisteminin inhibitoru simetidindən asılı ola bilər. Hal-hazırda diltiazem müalicəsi alan pasiyentlərdə simetidin müalicəsi dayandırıldıqdan sonra diltiazemin farmakoloji effektinin necə dəyişməsi mütləq diqqətlə izlənilməlidir. Bu zaman diltiazemin dozasının tənzimlənməsi ola bilər.
Digitalis
24 sağlam insanlarda diqoksinlə diltiazemin birlikdə qəbulu diqoksinin plazma konsentrasiyasının təxminən 20% artmasına səbəb olmuşdur. Ürəyin işemik xəstəliyi olan 12 pasiyent üzərində aparılan başqa bir tədqiqatda diqoksinin səviyyəsinin artması müşahidə olunmamışdır. O vaxtdan bəri diqoksinin səviyyəsinin təsirləri ilə bağlı ziddiyyətli nəticələr əldə edilmişdir. Diltiazemin təyini, dozanın tənzimlənməsi və qəbulunun dayandırılması zamanı diqoksinin səviyyəsinə nəzarət etmək tövsiyə olunur.
Anestetiklər
Anestetiklərin istifadəsi ilə bağlı ürəyin yığılmasının, keçiriciliyinin və avtomatizminin zəifləməsi, həmçinin damarların genişlənməsi kalsium kanal blokatorlarının təsiri nəticəsində güclənə bilər. Anestetiklərin və kalsium kanal blokatorlarının eyni vaxtda istifadəsi zamanı diqqətlə titrlənmə aparılmalıdır.
Benzodiazepinlər
Tədqiqatlar göstərmişdir ki, placebo ilə müqayisədə diltiazem midazolamın və triazolamın AUC-nı 3-4 dəfə, Cmax-ı isə 2 dəfə artırır. Diltiazemlə eyni vaxtda istifadəsi zamanı midazolamın və triazolamın yarımxaricolma dövrü də artır (1,5-2,5 dəfəyə qədər). Onların birlikdə istifadəsi zamanı diltiazem həm midazolamın, həm də triazolamın klinik effektlərini gücləndirə bilər (məs., uzun sürən sedasiya).
Nitrat törəmələri
Kalsium antaqonistləri ilə müalicə olunan pasiyentlərdə hipotenziv təsirin artması və bayılma müşahidə olunarsa, onda nitrat törəmələri yalnız tədricən artan dozalarla təyin olunmalıdır
Kortikosteroidlər (metilprednizolon)
Metilprednizolon metabolizminin (CYP3A4) və P-qlikoproteinin inhibə olunması: Metilprednizolon ilə müalicənin başlanğıcında pasiyent nəzarət altında olmalıdır. Metilprednizolonun dozasının tənzimlənməsi ehtiyacı ola bilər.
Siklosporin
Ürək vəböyrəklərin transplantasiyası əməliyyatı keçirmiş pasiyentlərin iştirakı ilə aparılan tədqiqatlar zamanı diltiazem və siklosporin arasında farmakokinetik qarşılıqlı təsirin olması müşahidə olunmuşdur. Ürək və böyrəklərin transplantasiyası əməliyyatı keçirmiş pasiyentlərdə siklosporinin diltiazem əlavə olunana qədərki səviyyəsini saxlamaq üçün siklosporinin dozasını 15%-dən 48%-ə qədər azaltmaq lazımdır. Əgər hər iki dərmanın təyinatı eyni vaxtda olarsa, onda siklosporinin konsentrasiyasına nəzarət olunmalıdır. Siklosporinin diltiazemin qan plazmasındakı konsentrasiyasına təsiri qiymətləndirilməyib.
Karbamazepin
Karbamazepin ilə diltiazemin eyni vaxtda qəbulu karbamazepinin qan plazmasında olan konsentrasiyasının 40-72% artmasına səbəb olur, bu isə bəzi hallarda toksiki fəsadlarla nəticələnir.
Bu preparatları eyni vaxtda qəbul edən pasiyentlər bu dərmanların qarşılıqlı təsirlərinə görə nəzarətdə saxlanmalıdırlar.
Lovastatin, simvastatin
On subyektdən ibarət olan tədqiqatda diltiazemlə (120 mq) lovastatinin eyni vaxtda tətbiqi lovastatinin orta AUC göstəricisinin 3-4 dəfə artmasına səbəb olmuşdur. Diltiazemin qan plazmasında olan səviyyəsi lovastatinə və ya pravastatinə əhəmiyyətli dərəcədə təsir göstərmir. Ehtimal olunur ki, diltiazemlə simvastatinin eyni vaxtda tətbiqi miopatiya riskini artırır.
Rifampin
Diltiazem ilə rifampinin eyni vaxtda istifadəsi diltiazemin plazma konsentrasiyasını naməlum səviyyəyə qədər azaltmışdır. Diltiazemin rifampin və ya hər hansı digər preparatla birgə tətbiqi zamanı mümkün olduğu qədər məlum olan CYP3A4 induktorundan qaçınmaq və alternativ müalicədən istifadə etmək lazımdır.
Litium
Litium və diltiazem qəbul edən pasiyentlərdə neyrotoksiklik halları müşahidə olunmuşdur.
Amiodaron, dronedaron
Mənfi xronotrop xüsusiyyətlər və keçiriciliyi ləngidən təsirlər baş verə biləcəyi səbəbindən bəzi kalsium kanal blokatorlarının (məs., diltiazem) qəbulu zamanı antiaritmik preparatlar təyin olunmamalıdır və ya ehtiyatla istifadə edilməlidir.
Eritromisin, klaritromisin, telitromisin (antibiotiklər)
kalsium kanal blokatorlarının metabolizmini inhibə edir.
Fenitoin
Diltiazemlə yanaşı fenitoin qəbul edən 14 pasiyentdən 2-də qan zərdabında fenitoinin səviyyəsinin artması və zəhərlənmə əlamətləri müşahidə olunmuşdur.
α-Blokatorlar.
Kalsium kanal blokatorları ilə alfa blokatorların birlikdə istifadəsi zamanı hipotenziv təsir güclənir, hipotenziya riski artır.
Atazanavir, ritonavir
Atazanavir və ritonavirin təsiri nəticəsində diltiazemin plazma konsentrasiyası artır.
Kolxisin
Diltiazem kolxisinin toksiklik riskini artıra bilər. Qaraciyər və ya böyrək çatışmazlığı zamanı onlar eyni vaxtda istifadə olunmamalıdır.
İvabradin
CYP3A4 tərəfindən metabolizə olunur, bu səbəbdən CYP3A4 izofermentin inhibitoru olan diltiazem onun səviyyəsini artıra bilər. Birlikdə istifadə olunmamalıdırlar.
Sirolimus, takrolimus
Diltiazem sirolimusun və takrolimusun plazma konsentrasiyasını artırır.
Teofillin
Diltiazem teofilinin plazma konsentrasiyasını artırır.
Avanafil
Diltiazem, ehtimal ki, avanafilin plazma konsentrasiyasını artırır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya (ana südü ilə qidalanma) dövrlərində istifadəsi əks göstərişdir.
Hamiləlik dövrü
C kateqoriyası.
Reproduksiya tədqiqatları siçanlar, siçovullar və dovşanlar üzərində aparılmışdır.
Eksperimental tədqiqatlarda diltiazemin teratogen təsiri müəyyən edilmişdir.
Laktasiya dövrü
Diltiazem ana südü ilə xaric olunur.
Diltiazemdən istifadə zəruri olarsa, körpələrin qidalanması üçün alternativ üsul tətbiq edilməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Diltiazeminin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ilə bağlı heç bir araşdırma aparılmamışdır. Lakin nəzərə alınmalıdır ki, preparatın qəbulu zamanı bəzən asteniya, yorğunluq və başgicəllənmə kimi əlavə təsirlər müşahidə oluna bilər.
İstifadə qaydası və dozası
Böyüklər
Stenokardiya zamanı adi dozalanma: 30 mq gündə 3 dəfə. Lakin xəstənin reaksiyası fərqli ola bilər və ayrı-ayrı pasiyentlərdə dozalanma əhəmiyyətli dərəcədə dəyişə bilər. Lazım gələrsə, gündəlik doza 360 mq-a qədər artırıla bilər (ayrı-ayrı dozalara bölməklə). Arterial hipertenziyada başlanğıc doza gündə 2 dəfə olmaqla 60-dan 120 mq-a qədərdir, lazım gələrsə gündəlik doza maksimum 360 mq-a qədər artırılır.
Yaşlılar, qaraciyər və ya böyrək çatışmazlığı olan pasiyentlər
Tövsiyə olunan başlanğıc doza 1 tabletdən (60 mq) gündə 2 dəfə. Bu qrup pasiyentlərin ürək döyünmələrinin sayı müntəzəm olaraq ölçülməlidir və əgər ürək döyünmələrinin sayı dəq-də 50 vurğudan az olarsa, doza artırılmamalıdır.
Uşaqlar
Uşaqlarda istifadəsi tövsiyə edilmir.
Əlavə təsirləri
Əlavə təsirlərin rastgəlmə tezliyi aşağıdakı kimidir: çox tez-tez (≥1/10), tez-tez (≥1/100 - <1/10), az-az (≥1/1,000 - <1/100), nadir (≥1/10,000 - <1/1,000), çox nadir (<1/10,000), tezliyi məlum deyil (əldə olan məlumatlara əsasən qiymətləndirmək mümkün deyil.
Qan və limfa sisteminin pozğunluqları
Tezliyi məlum deyil: Trombositopeniya
Psixi pozğunluqlar
Az-az (≥1/1,000 - <1/100): Əsəbilik, yuxusuzluq, depressiya.
Tezliyi məlum deyil: Əhval dəyişiklikləri (depressiya daxil olmaqla).
Sinir sisteminin pozğunluqları
Tez-tez (≥1/10): Baş ağrısı, başgicəllənmə, yuxululuq.
Az-az (≥1/1,000 - <1/100): Paresteziya.
Tezliyi məlum deyil: Ekstrapiramid sindrom.
Ürək pozğunluqları
Tez-tez (≥1/10): Atrioventrikulyar blokada, ürək döyünməsi, taxikardiya.
Az-az (≥1/1,000 - <1/100): Bradikardiya, bayılma.
Tezliyi məlum deyil: Kongestiv ürək çatışmazlığı, ürəyin dayanması.
Damar pozğunluqları
Tez-tez (≥1/100 - <1/10): Qızartı.
Az-az (≥1/1,000 - <1/100): Ortostatik hipotenziya.
Tezliyi məlum deyil: Vaskulit.
Mədə-bağırsaq pozğunluqları
Tez-tez (≥1/100 - <1/10): Mədə ağrısı, qəbizlik, dispepsiya, ürəkbulanma, qusma.
Az-az (≥1/1,000 - <1/100): İshal, diş ətinin hiperplaziyası.
Nadir hallarda (≥1/10,000 - <1/1,000): Ağızda quruluq.
Hepatobiliar pozğunluqlar
Az-az (≥1/1,000 - <1/100): qaraciyər fermentlərində yüksəlmə.
Tezliyi məlum deyil: Hepatit.
Dayaq-hərəkət sistemi və birləşdirici toxuma pozğunluqları:
Az-az (≥1/1,000 - <1/100): Əzələ ağrısı.
Dərinin və dərialtı toxumaların pozğunluqları
Tez-tez (≥1/100 - <1/10): Dəri reaksiyaları.
Az-az (≥1/1,000 - <1/100): Angionevrotik ödem.
Nadir hallarda (≥1/10,000 - <1/1,000): Övrə, qaşınma.
Tezliyi məlum deyil: Fotohəssaslıq, ağır dəri xəstəlikləri (Stiven-Conson sindromu daxil olmaqla), Layell sindromu (zəhərli epidermal nekroliz), tərləmə, eksfoliativ dermatit, kəskin ümumiləşdirilmiş ekzantematoz püstülyar dermatit, qızdırma ilə və ya qızdırmasız deskvamativ eritema.
Reproduktiv sistemdə və döş vəzilərində olan pozğunluqları
Az-az (≥1/1,000 - <1/100): Erektil disfunksiya.
Tezliyi məlum deyil: Ginekomastiya.
Ümumi pozğunluqlar və yeridilmə nahiyəsindəki vəziyyət
Çox tez-tez (≥1/10): Periferik ödem.
Diaqnostik testlər
Tezliyi məlum deyil: Hiperqlikemiya.
Digər yan təsirlər:
Diltiazemin digər yan təsirləri bunlardır: narahatlıq, qaraciyər fermentlərinin aktivliyinin artması (AST, ALT, LDH, ALP), CPK-ın yüksəlməsi, burun qanaxması, amneziya, şəxsiyyət dəyişiklikləri, hallyusinasiyalar, qulaqlarda küy, tremor, asistoliya, stenokardiya, təngnəfəslik, nukturiya, poliuriya, osteoartikulyar ağrı, anoreksiya, bədən çəkisinin artımı, səpgi, asteniya, ağız dadının dəyişməsi, rinit, öskürəyin güclənməsi, bronxospazm, zökəm, hiperemiya, boyun ağrısı, bel ağrısı, görmə qabiliyyətinin pozulması, hemolitik anemiya.
Doza həddinin aşılması
Diltiazemin doza həddinin aşılmasının fəsadları və müalicəsi nifedipinə oxşardır, baxmayaraq ki, ölüm və həyat üçün təhlükəli olan ağırlaşmalar diltiazemdə daha çox rast gəlinə bilər. Kalsium kanal blokatorları ilə ağır zəhərlənmələr zamanı təsadüf olunan simptomlara ürəkbulanma, qusma, başgicəllənmə, həyacan, huşun ala qaranlıq olması və koma aiddir; o cümlədən metabolik asidoz və hiperqlikemiya da müşahidə oluna bilər. Diltiazem arterial hipotenziya və aritmiyaya (ürəyin tam blokadası və asistoliya da daxil olmaqla) səbəb olan yüksək kardiodepressiv təsir göstərir. Əgər pasiyent Diltiazemin doza həddinin aşılmasından sonra ilk 1 saat ərzində müraciət edərsə, aktivləşdirilmiş kömürün təyinatı nəzərə alınmalıdır. Əgər zəhərlənmə əlamətləri çox olarsa, pasiyentə inyeksiya şəklində kalsium xlorid və ya kalsium qlükonat təyin olunur, o cümlədən simptomatik bradikardiyanı tənzimləmək üçün atropin verilir. Ağır hallarda arterial hipotenziyanın və miokard çatışmazlığının müalicəsi üçün insulin və qlükoza infuziyaları tələb oluna bilər.
Buraxılış forması
10 tablet bir PVC/alüminium blisterdə. 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-ə qədər temperaturda, quru, sərin, işıqdan və rütubətdən uzaq, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
PROFARMA Sh.a.
Rruga "Myslym Keta”
Tirana–Albania.
Eksklüziv distribyutor
EL Kompaniya MMC.